Моllа Nəsrəddin lətifələri

  • Gulshan Jabiцитує2 роки тому
    Qış gecələrinin birində camaat bir evə yığışıb vaxt keçirirmişlər. Oradan-buradan söz düşür, hərə öz gücündən, qüvvətindən danışır. Növbə Mollaya çatanda deyir:

    – Düzdü, mən qocalmışam, ancaq ona baxmayın, gücüm elə əvvəlki kimidir. Heç azalmayıb.

    Soruşurlar:

    – Nədən bilirsən?

    Molla deyir:

    – Ondan bilirəm ki, bizim həyətdə bir yekə daş var. Mən uşaqlıqda da onu götürə bilmirdim, cavanlıqda da götürə bilmirdim, indi də götürə bilmirəm.
  • Gulshan Jabiцитує2 роки тому
    Deyirlər ki, hərənin bir adəti olar. Mollanın da adəti bu imiş ki, çox tez-tez saqqalını tumarlarmış. Teymur Ləng incitmək məqsədi ilə bir gün ona deyir:

    – Saqqal tumarlamağı sənə qadağan eləyirəm. Bir də tumarlasan saqqalını qırxdıracağam, əlini də kəsdirəcəyəm.

    Molla Teymura yaxşı bələd imiş. Bilirmiş ki, çox da onun ipinin üstünə odun yığmaq olmaz. Odur ki, yazıq saqqalını tumarlamağı tərgidir.

    Bu əhvalatdan bir müddət keçir. Günlərin birində Teymur Molladan soruşur:

    – Molla, mən nə eləyim ki, əhali mənim ədalətimə inansın?

    Molla deyir:

    – Hər şeydən qabaq, qibleyi-aləm, hər kişinin saqqalının ixtiyarını özünə qaytar!
  • Gulshan Jabiцитує2 роки тому
    Bir axşamüstü Molla öz bostanında qovun dərirmiş. Üç nəfər adam gəlib salam verir. Molla salamı aldıqdan sonra tez bir qovun kəsir ki:

    – Buyurun, qovun yeyin!

    Qonaqlar yeyib doyandan sonra dururlar ki, getsinlər, Molla deyir:

    – Qovunlardan seçin, götürün, uşaqlara da aparın!

    Elə Molla bunu deyən kimi qonaqlardan ikisi hərəsi iki qovun, üçüncüsü də əlləşə-əlləşə üç qovun götürür. Molla tez üç qovun götürən qonağa təzim edib deyir:

    – Padşah sağ olsun! Sən öz vəzir-vəkilinlə mənim bostanıma xoş gəlmisən!

    Qonaq heyrətlə soruşur:

    – Sən nədən bildin ki, mən padşaham, bunlar da vəzir-vəkil?

    Müftəxorluğunuzun dərəcəsinə görə.
  • Gulshan Jabiцитує2 роки тому
    Soyuq qış gecələrinin birisində ağsaqqallar bir evə yığışıb vaxt keçirirmişlər. Söhbət cəhənnəm ilə behiştdən düşür. Danışanlar cəhənnəmi pisləyib, behişti tərifləyirlər. Bu halda Molla da buraya gəlir. Evə gircək ortalığa qoyulmuş manqalın yanına soxulub əl-ayağını qızdırmağa başlayır. Ağsaqqallar öz söhbətlərinə davam edirlər. Molla bir az qulaq asıb deyir:

    – Çox da basıb-bağlamayın! Əyər qiyamət qışa düşsə, bir axmaq cəhənnəmi qoyub behişti qəbul eləməz.
  • Gulshan Jabiцитує2 роки тому
    Molla şəhərə gəldiyi günlərin birində gəzərkən çox böyük və gözəl bir bina görür. Bina Mollanın o qədər xoşuna gəlir ki, bir neçə dəqiqə durub heyran-heyran tamaşa eləyir. Sən demə, bu bina şəhərin darğasının eviymiş. Mollanın belə diqqətlə evə baxdığını görüb, qoltuqlarının altı şişir. Onu dolamaq məqsədilə yanaşıb soruşur:

    – Nə var? Niyə belə diqqətlə baxırsan?

    Molla deyir:

    – Çox gözəl binadır. Çox xoşuma gəlir. Amma çox böyükdür. Fikirləşirəm ki, görəsən, bunu niyə belə böyük tikiblər?

    Darğa deyir:

    – Sənin fıkrincə, bu, nə ola bilər?

    Molla deyir:

    – Vallah, deyəsən, evdir. Amma...

    Darğa onu ələ salmaq məqsədilə deyir:

    – Səhv edirsən, Molla, bura ev deyil, karvansaradır.

    Molla darğanın onu ələ salmaq istədiyini başa düşür. Odur ki, heç əhvalını pozmadan deyir:

    – Hə... deyirəm axı... İçində at-eşşək yaşadığı üçün belə böyük tikiblər də...
  • Gulshan Jabiцитує2 роки тому
    Bir gün Molla bazarda bir tutuquşu satana rast gəlir. Soruşur:

    – Bu nədir?

    Deyirlər:

    – Tutuquşu.

    Soruşur:

    – Qiyməti neçədir?

    Kişi deyir:

    – Əlli manat.

    Molla heç bir söz demir, evə qayıdıb öz hinduşkasını tutur, bazara gətirir. Soruşurlar:

    – Molla hinduşkanı neçəyə satırsan?

    Deyir:

    – Beş yüz manat.

    Deyirlər:

    – Ay Molla, dəli olmamısan ki? Hinduşka da beş yüz manata olar?

    Molla tutuquşunu göstərib deyir:

    – O boyda quşu əlli manata satır, heç bir söz demirsiniz. Mən qoyun boyda hinduşkanı beş yüz manata deyirəm, hələ bir məni danlayırsınız da... Mənim hinduşkam lap azı bir otuz dəfə ondan böyük olar, ya yox?

    Deyirlər:

    – Ay Molla, axı o tutuquşudur.

    Molla deyir:

    – Nə olsun? O tutuquşudu, bu da hinduşkadı.

    Deyirlər:

    – Axır, o adam kimi danışır.

    Molla baxır ki, səhv eləyib, deyir:

    – Nə olsun? O danışır, bu da susur. Bəs siz bu boyda böyümüsünüz, bilmirsiniz ki, danışmaq gümüşdürsə, susmaq qızıldır.
  • Gulshan Jabiцитує2 роки тому
    Mollanın çox xəsis bir qonşusu var imiş. Molla bir neçə gün fikir verib görür ki, aşpaz hər gün xörək vaxtı onun qabağına bir dənə qızardılmış toyuq gətirib qoyur. Ancaq xəsis yavan çörək yeyib, toyuğa əlini də vurmur. Toyuq necə gəlirsə, eləcə də qayıdır. Sabah yenə də haman toyuq gəlir ortalığa. Molla bir-iki həftə bu işə fikir verib axırda deyir:

    – Bu xoşbəxt toyuğun əsl diriliyi öləndən sonra imiş ki...
  • Gulshan Jabiцитує2 роки тому
    Bir məclisdə Molla Nəsrəddindən soruşdular ki:

    – Molla, sən bilərsən, bu dünyada arvad çoxdur, yoxsa kişi?

    Molla deyir:

    – Arvad.

    Soruşurlar:

    – Niyə?

    Molla deyir:

    – Ona görə ki, arvadlar elə arvaddır, arvad kimi bəzənib-düzənən kişilər də arvad kimi bir şeydir.
  • Gulshan Jabiцитує2 роки тому
    Bir gün Molladan soruşdular:

    – Molla deyə bilərsənmi, bu saat, bu şəhərdə sənin neçə dostun var?

    Molla deyir:

    – Bu saat deyə bilmərəm. Çünki bu il taxılım yaxşı gəlib, keyfim sazdır. Dostları əli aşağı olanda yaxşı tanımaq olur.
  • Gulshan Jabiцитує2 роки тому
    TİBB ELMİ

    Molla bir gün vəz eliyəndə deyir:

    – Camaat, tibb elmi ibarətdir dörd xətdən. Kim buna düzgün əməl eləsə azarlamaz:

    Ayağını isti tut,

    Başını sərin...

    Yeməyə diqqət et,

    Düşünmə dərin...
fb2epub
Перетягніть файли сюди, не більш ніж 5 за один раз